SİYASƏT


Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun sədr müavini Ermənistanın ölkəmizə hərbi təcavüzü barədə məlumatlandırılıb

Minsk, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun sədr müavini Liliya Ananiçlə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, L.Qəndilov görüşün əsas məqsədinin Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti hərbi təcavüzü barədə məlumat vermək və dostluq qrupundan yaranmış vəziyyətə dair münasibət bildirməsini istəməkdən ibarət olduğunu söyləyib.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana növbəti hücumu, hərbi əməliyyatların keçirildiyi ərazidən uzaqda yerləşən yaşayış məntəqələrimizin və mülki əhalimizin davamlı olaraq atəş altında saxlanılması, Ermənistanın Azərbaycana qarşı apardığı davamlı təxribatçı siyasət barədə ətraflı məlumat verib. Diplomat Moskvada humanitar atəşkəsin elan olunmasından sonra gecə saatlarında Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına ballistik raketin atıldığını, nəticədə 10 nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını söyləyib. L.Qəndilov Ermənistan tərəfinin Azərbaycanda ekoloji fəlakət törətmək məqsədilə Mingəçevir şəhərində yerləşən su anbarını da raketlərlə atəşə tutduğunu, yalnız Hava Hücumundan Müdafiə Qüvvələrimizin çevikliyi nəticəsində onların hədəfə çatmadıqlarını qeyd edib.

Bildirilib ki, beynəlxalq ictimaiyyətin qərarlarına hörmət edən Azərbaycan sülhsevər ölkə kimi 30 il ərzində münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışıb, lakin Ermənistanın apardığı yalan və təxribatçı siyasət səbəbindən bu, mümkün olmayıb.

Səfir münaqişələrin həlli üçün beynəlxalq hüququn norma və prinsiplərinin əsas olduğunu söyləyib və Azərbaycanın da bu prinsiplərə uyğun olaraq ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücuma keçdiyini vurğulayıb. Görüşün əsas məqsədinin münaqişə ilə bağlı real məlumat vermək olduğunu söyləyən səfir Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulmasına dostluq qrupu tərəfindən münasibət bildirilməsini istəyib.

L.Ananiç münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını söyləyib, səfirin verdiyi bütün məlumatlarla tanış olacaqlarını və qərarlarını bildirəcəklərini qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.