İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Seçki Qrupunun iclasında iştirak edir

Bakı, 5 iyul, AZƏRTAC

İsveçrənin Bad Raqatz şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycanın da üzv olduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək və Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantıda Azərbaycanı BVF-nin və DB-nin Rəhbərlər Şurasında təmsil edən maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Taleh Kazımov da iştirak edir. BVF və Dünya Bankına üzv ölkələrin yüksəkvəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin və rəhbərlərinin, o cümlədən BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla müzakirələr aparılır.

Seçki Qrupunun və Azərbaycanın BVF-yə qəbul olmasının 30 illiklərinin qeyd olunduğu toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, yüksək inflyasiya meylləri, Rusiya-Ukrayna müharibəsinin qlobal enerji və ərzaq bazarlarında yaratdığı çağırışlar və bu çağırışlara qarşı aparılmalı mümkün fiskal və monetar siyasətlər əsas diqqət mərkəzində olan məsələlərdir.

Seçki qrupunun toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyəti BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və İsveçrənin maliyyə naziri Ulrix Maurer ilə ikitərəfli görüşlər keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.