CƏMİYYƏT
Azərbaycan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının inkişafına mühüm töhfə verir
Bakı, 17 dekabr, AZƏRTAC
2012-ci ildə yaradılan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının əsas məqsədi tarixi “İpək yolu” üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir. Bu təşkilatın yaradılması barədə təşəbbüs müxtəlif ölkələr tərəfindən irəli sürülsə də, Prezident İlham Əliyevin mədəniyyətlər və dinlərarası dialoqun təbliğinə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizin bu sahədəki nümunəvi təcrübəsi nəzərə alınaraq bu qurumun məhz Azərbaycanda təsis olunması razılaşdırıldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov jurnalistlərə müsahibəsində deyib.
Fuad Muradov bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə yaranan zaman təşkilatda 20 ölkənin nümayəndələri təmsil olunurdusa, bu gün bu qurumun sıralarında 33 ölkənin gəncləri birləşib. Dünyada multikulturalizm nümunəsi olan Azərbaycan bu təşkilatın inkişafına böyük töhfə verib.
Qeyd olunub ki, bu tədbirin keçirilməsində əsas məqsəd il ərzində təşkilatın fəaliyyətinin yekunlarının müzakirə edilməsi, gələn ilin işçi planlarının müzakirəsi, Azərbaycanın zəngin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşaması ideyasının geniş təbliğ edilməsidir.