ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin kitabxanası yapon dilində kitablarla zənginləşir
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) həyata keçirdiyi “Kurosaka adına kitabxananın 10 min ədəd kitabla təmin edilməsi” layihəsi çərçivəsində humanitar yardım kimi toplanan 1500 kitab Yaponiyadan Azərbaycana gətirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, hazırda “Kurosaka kitabxanası”nda yapon dilində müxtəlif sahələr üzrə 2500-dən çox kitab var. Kitabxanada yaradılan uyğun şərait sayəsində Yaponiya və Azərbaycan vətəndaşları həmin nəşrlərdən faydalana bilərlər.
Layihənin rəhbəri Kurosaka Munehisa, Yaponiyanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Nazirlər Kabinetinin nümayəndələrinin birgə əməyi nəticəsində əldə olunan bu kitablar ölkəmiz üçün çox qiymətli hədiyyədir. Həmin nəşrlər Azərbaycan-Yaponiya dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Xatırladaq ki, 2016-cı ilin martında ADU-da ölkəmizdə səfərdə olan yapon iş adamları ilə görüş keçirilib. Söhbət zamanı universitetin nəzdində fəaliyyət göstərən Yaponiya Araşdırmalar Mərkəzinin yapon dilində kitablarla təchiz olunması istiqamətində fikir mübadiləsi aparılıb.