ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azad Mirzəcanzadə adına təqaüd” təsis edilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının sədrliyi ilə elmi şuranın ilk iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda universitetin fəaliyyət məsələləri ilə yanaşı, görkəmli alim, akademik Azad Mirzəcanzadənin adına təqaüdün təsis edilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən universitetdə “Azad Mirzəcanzadə adına təqaüd” təsis edilib. Təqaüd ali təhsil ocağında yaradılmış komissiyanın qərarı ilə hər tədris ilində A.Mirzəcanzadənin işlədiyi elm sahəsinə uyğun olan fakültələr üzrə ən yüksək təhsil səviyyəsi olan, elmi-təcrübi biliklərə, dünyagörüşünə, davamiyyəti və davranışı ilə fərqlənən üç tələbəyə veriləcək. Tələbələrin seçilməsi üçün müvafiq komissiya yaradılıb və ona sədrlik akademik A.Mirzəcanzadənin tələbəsi və davamçısı olan, onun uzun illər rəhbərlik etdiyi Neft yataqlarının işlənməsi və istismarı kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Tulparxan Salavatova həvalə edilib.
Universitetin rektoru, professor Mustafa Babanlı Azərbaycanda neft sənayesinin inkişafında, neft elminin zənginləşdirilməsində misilsiz xidmətləri olan alimin adına təqaüdün təsis edilməsini bu istiqamətdə görülən işlərin davamı hesab edib. Onun sözlərinə görə, A.Mirzəcanzadə adına təqaüdün təsis edilməsi onun irsinin davam etdirilməsi, mövcud ənənələrin qorunması ilə yanaşı, ADNSU tələbələrinin stimulunun yüksəldilməsi üçün də əhəmiyyətlidir.
Qeyd edək ki, bu yaxınlarda Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən “A.Mirzəcanzadə adına gümüş medal”ın təsis olunması qərara alınıb.