ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji təcrübənin təşkilinə dair onlayn konfrans
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Microsoft Teams” platforması üzərindən pedaqoji təcrübənin təşkilinə həsr olunmuş onlayn konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda fakültənin dekanı, dosent Arzu Daşdəmirov xüsusi karantin rejimində pedaqoji təcrübənin distant (məsafədən) təşkili ilə bağlı bəzi məsələləri diqqətə çatdırıb. O qeyd edib ki, 2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriat və magistratura səviyyələrində pedaqoji, elmi-pedaqoji, elmi-tədqiqat, istehsalat, çöl təcrübəsinin təşkilinə dair bir sıra təkliflər Təhsil Nazirliyinə təqdim olunub. Pedaqoji təcrübə müddətində təcrübəçi tələbələrin sınaq dərslərin sayının azaldılaraq 6 dərs həcmində müəyyən edilməsi, sınaq dərslərinin videoyazısının aparılması təkliflər arasında yer alıb.
A.Daşdəmirov qeyd edib ki, ilk dəfə Fizika fakültəsi ilə Təhsil İnstitutu arasındakı əməkdaşlıq əsasında fakültənin IV kurs eksperimental qrup tələbələri "STEAM" üzrə təlimə cəlb olunacaq.
Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Sevinc Cəlilova pedaqoji təcrübənin distant təşkili ilə bağlı geniş məlumat verib. O, pedaqoji təcrübədə 92 nəfər IV kurs tələbəsi, metodistlər, pedaqoqlar və psixoloqların iştirak edəcəyini deyib.
Fizika fakültəsi üzrə pedaqoji təcrübə rəhbəri, professor Şükür Əlizadə pedaqoji təcrübənin mövcud vəziyyətə uyğun təşkili ilə bağlı müvafiq tövsiyə və təkliflərini verib, sınaq dərslərinin icmallarının yazılma qaydalarını diqqətə çatdırıb.
Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov pedaqoji təcrübənin xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq məsafədən təşkili ilə bağlı ADPU rəhbərliyinin müvafiq göstəriş və təlimatlarını diqqətə çatdırıb. Bildirib ki, mövcud vəziyyət nəzərə alınaraq pedaqoji təcrübə zamanı tələb olunan sənədlərin sayı minimuma endirilib. Pandemiya şəraitində sağlamlığı qorumaq məqsədilə xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmalı, pedaqoji təcrübənin distant təşkili ilə bağlı işlər vaxtında icra olunmalıdır.