İQTİSADİYYAT
Azərbaycan Dubayda keçirilən rabitə və peyk xidmətləri sərgisində iştirak edir
Bakı, 15 yanvar, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq “CAPSAT 2018” rabitə və peyk sərgisində Azərbaycan da təmsil olunur.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən tədbirdə kosmik kluba üzv olan ölkələrin rabitə və peyk xidmətləri sahəsində əldə etdiyi texnoloji yeniliklər sərgilənir. Sərgidə “Azərkosmos” ASC-nin rəsmiləri də iştirak edirlər. Azərbaycana aid stenddə ölkəmizin müasir peyk imkanları və telekommunikasiya xidmətlərindəki fəaliyyəti sərgilənir.
Azərbaycanı təmsil edən mütəxəssislər stendimizlə maraqlanan sərgi iştirakçılarına “Azerspace-1” peykinin imkanları və potensialı barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmiz qısa zamanda kosmik sahənin inkişafında önəmli irəliləyiş əldə edib. “Azerspace-2” peyki isə bu ilin aprel ayında orbitə göndəriləcək.
ASC-nin mütəxəssisi Xəyalə Əliyeva bildirib ki, “Azərkosmos” ASC Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunun aparıcı yayım, rəqəmli media və peyk xidmətlərinin nümayiş olunduğu “CAPSAT 2018” sərgisində öz stendi ilə artıq 4-cü ildir ki, iştirak edir. Stend vasitəsilə sərgi iştirakçıları “Azərkosmos”un fəaliyyəti barədə, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” peykinin, eləcə də bu il orbitə buraxılacaq “Azerspace-2” peykinin təqdim etdiyi xidmətlərlə tanış olacaq.