İQTİSADİYYAT
Azərbaycan Dünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına üzv seçilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dünya Poçt İttifaqının (UPU) Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına üzv seçilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, seçkilər İsveçrənin Bern şəhərində keçirilən UPU-nun yaz sessiyası çərçivəsində Qəyyumlar Şurasına növbəti müddətə səsvermələr yolu ilə aparılıb. Bu quruma üzv olmaq üçün Şərqi Avropa və Şimali Asiya regionu üzrə 1 vakant yerə 2 ölkədən-Azərbaycandan və Gürcüstandan namizədlər verilib.
UPU qaydalarına uyğun olaraq seçkilər Poçt Əməliyyatları Şurasının 40 üzv ölkəsinin iştirakı ilə aparılıb və Azərbaycan nümayəndəsi böyük üstünlük və səs çoxluğu ilə (31 səslə) seçilib. Beləliklə, ölkəmiz növbəti müddətə Şuranın üzvü seçilərək UPU-nun ən vacib orqanının 9 üzvündən biri olub.
Qəyyumlar Şurasında dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə təqdim olunan layihələr müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir və nəticələrə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.
UPU-nun Xidmət Keyfiyyəti Fondu çərçivəsində Azərbaycan poçtu üçün indiyədək 7 layihə həyata keçirilib. Bu layihələr üzrə 21 poçt yükünün daşınması üçün avtomaşınlar, yüzlərlə müxtəlif çeşidli skaner, printer və s. avadanlıq alınaraq istismara verilib. Nəticədə, “Azərpoçt” MMC-nin beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli irəliləyişlərə nail olunub.