SİYASƏT
Azərbaycan-Filippin əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın Xarici İşlər Nazirliyi və Filippinin Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Protokol imzalanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Xarici işlər nazirinin müavini Ramiz Həsənov Filippin Respublikası xarici işlər katibinin müavini Ernesto Korpuz Abella ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı əlaqələrin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparan tərəflər Azərbaycan-Filippin münasibətlərinin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar və bu xüsusda qarşılıqlı səfərlər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcəyinə əminliklərini bildiriblər.
Görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, infrastruktur və logistika layihələri haqqında məlumat verilib, iki ölkə arasında humanitar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda xarici işlər nazirinin müavini Ramiz Həsənov Filippin Respublikasının xarici işlər katibinin müavini Ernesto Korpuz Abella "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Filippin Respublikası Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Protokol”u imzalayıblar.