İQTİSADİYYAT
Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında üçüncüdür
Tbilisi, 24 iyun, AZƏRTAC
Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında üçüncü yerdədir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumata görə, 2018-ci ilin yanvar-may ayları ərzində Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 430,5 milyon dollar olub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,7 faiz çoxdur.
Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında birinci yerdə Türkiyədir. Cari ilin ilk beş ayında Gürcüstan ilə Türkiyə arasında ticarət dövriyyəsi 714,8 milyon dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çoxdur. Rusiya isə Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir. Bu iki ölkə arasında ticarət dövriyyəsi 548,2 milyon dollar təşkil edib, bu da 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 24,5 faiz çoxdur.
Cari ilin ilk 5 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 4,896 milyard dolları keçib. Bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 24,5 faiz çoxdur.
Ölkənin xarici ticarət dövriyyəsində ən böyük artım may ayında qeydə alınıb. Bu ilin may ayında Gürcüstanda ixracat ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,2 faiz artaraq 323,3 milyon dollar təşkil edib. Yanvar-may aylarında Gürcüstan 1,29 milyard dollar məbləğində mal ixrac edib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Hesabat dövründə Gürcüstan 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 23,4 faiz çox və yaxud da 3,61 milyard dollarlıq mal idxal edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi