CƏMİYYƏT
Azərbaycan Hərb Tarixi Muzeyində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi qeyd olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Azərbaycan Hərb Tarixi Muzeyində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun, veteran təşkilatlarının, hərbi hissələrin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da Muzeyin rəhbəri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “15 sentyabr zəfəri Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-diplomatik və hərbi qələbəsidir” adlı məruzə ilə çıxış edərək bildirib ki, sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad edilməsindən bir əsr ötür. Bu tarixi gün XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.
Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi Zəfər Kərimovun “Bakının azad edilməsi ərəfəsində ictimai-siyasi durum”, Muzeyin elmi işlər üzrə rəis müavini Hacı Həsənovun “Bakı 15 sentyabrdan sonra”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılovun “Azərbaycan və Osmanlı birləşmiş hərbi qüvvələrinin Bakı əməliyyatı” adlı məruzələri dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və sənədli film nümayiş olunub.