İQTİSADİYYAT
“Azərbaycan” İES-də yekunlar uğurludur
Bakı, 9 aprel, AZƏRTAC
Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası sayılan “Azərbaycan” İES cari ilin I rübünü də diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa çatdırıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İES-də ötən ay 736,3 milyon kilovat-saata yaxın, bu ilin I rübündə isə 2 milyard 227,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.
Respublika enerji sisteminin bütün müəssisələrində olduğu kimi “Azərbaycan” elektrik stansiyasının normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq son üç ayda bir enerji blokunda cari təmir işləri həyata keçirilib. Eyni zamanda stansiyanın digər avadanlığında da müvafiq tədbirlər davam etdirilib. Bundan əlavə, köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması nəzərdə tutulub və hazırda bu işlərə başlanılıb. Burada yanğına qarşı təhlükəsizlik tədbirləri də daim diqqət mərkəzindədir.
Qeyd edək ki, İES-də ötən il 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Stansiyada digər texniki göstəricilər də uğurlu olmuşdur.