İQTİSADİYYAT
Azərbaycan İKT-nin inkişafı üzrə dünya reytinqində bir pillə də irəliləyib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində daha bir pillə irəliləyərək 64-cü yerə yüksəlib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında dərc edilib.
İKT-nin inkişafı indeksində 166 ölkə İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır. Azərbaycan əvvəllər olduğu kimi, yenidən İKT-nin sürətli inkişaf etdiyi 10 ölkə arasında yer alıb.
Reytinqdə birinci yeri Danimarka, ikinci yeri Koreya Respublikası tutub.
Qeyd edək ki, BTİ tərəfindən 2009-cu ildən dərc edilən İKT inkişafı indeksi hökumətlər, BMT sistemi təsisatları və sahə tərəfindən İKT-nin milli səviyyədə ümumi inkişafının qiymətləndirilməsi üçün istifadə olunur.