MƏDƏNİYYƏT
Azərbaycan İNALCO-da keçirilən Novruz bayramı tərbirində təmsil olunub
Paris, 22 mart, AZƏRTAC
Martın 21-də Fransanın Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Bir çox Orta Asiya ölkələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” təmsil edib.
Tədbirdə iştirak edən ölkələr zəngin ənənələrini və mədəniyyətlərini nümayiş etdiriblər.
Novruz bayramı xonçaları ilə bəzədilmiş Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyəti və incəsənətinə dair kitabları, broşürləri və digər müxtəlif nəşrləri təqdim olunub. Çay dəstgahı, musiqi alətləri, kiçik həcmli xalçalar, milli ornamentli suvenirlərlə bəzədilmiş stendimiz institut kollektivinin diqqətini cəlb edib.
Milli geyimdə olan azərbaycanlı tələbələr ölkəmizin stendi ilə maraqlanan müəllim və tələbələri Novruz bayramının simvolu olan paxlavaya, şəkərburaya qonaq ediblər. Onlara Novruz bayramının adət-ənənələri haqqında geniş məlumat veriblər.
Artıq bir neçə ildir Fransanın Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Novruz bayramı ilə bağlı tədbirlər keçirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris