ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Səriyyə Cəfərovanın ərəb dilinə tərcümə edilmiş “Onlar heç vaxt böyüməyəcəklər” kitabı da təqdim olunub.
Onlayn tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov fevralın 25-dən 26-na keçən gecə dünyada görünməyən ən dəhşətli soyqırımlarından birinin yaşandığını, bu dəhşətli günlərdə Xocalı sakinlərinin qətlə yetirilmələrinin böyük faciə olduğunu qeyd edib.
Rektor “Onlar heç vaxt böyüməyəcəklər” kitabının Aİİ tərəfindən ərəb dilində çap olunmasından bəhs edib. Kitabın tərcümə olunub ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib, əsərin ərəb dünyasına çatdırılmasında işlər aparıldığını xüsusi vurğulayıb.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı, jurnalist Səriyyə Cəfərova tədbirdə çıxış edərək, faciənin sosial və siyasi aspektinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, onların həyat hekayələrinin yer aldığı kitab haqqında ətraflı məlumat verib. Əsərin ərəb dilinə tərcümə olunmasına görə Aİİ-yə dərin minnətdarlığını bildirib.
Kitabı ərəb dilinə tərcümə edən Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında bu kitabın xüsusi əhəmiyyətini vurğulayıb. O, Xocalı soyqırımında qətlə yetirilən uşaqların həyatından bəhs edən bu kitabı ərəb dilinə tərcümə edərkən yaşadığı mənəvi çətinliklərdən də söz açıb.
Sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov kitabın böyük bir coğrafiyanı əhatə edən ərəb dünyasında faciənin həqiqətlərinin çatdırılmasında böyük rol oynayacağına inandığını bildirib.
Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa çıxışında Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı xüsusi qəddarlıqla qətlə yetirdikləri azərbaycanlılar arasında çox sayda yaşlı, qadın və uşaqlar olduğunu qeyd edib. O, həmçinin mülki əhalinin itkin düşdüyünü, əsir götürüldüyünü, ailələrin məhv edildiyini, eyni zamanda, həmin gün qəhrəmanlıq salnaməsi yazıldığını qeyd edib.
Videokonfrans “Zoom” proqramı üzərindən təşkil olunub.