REGİONLAR
Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib VİDEO
Quba, 29 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup əməkdaşı və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra Quba şəhərindəki Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarları ziyarət olunub.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı heyət üzvləri ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, bu kimi səfərlərin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr verməkdir. Gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi, eyni zamanda, onların ölkəmizdə mövcud olan multikultural mühitin canlı şahidi olmaları üçün maarifləndirici tədbirlər keçirilir.
Aİİ-nin kollektivi Qubaya səfər çərçivəsində dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə olub, rayonda fəaliyyət göstərən dini ibadət ocaqlarını ziyarət ediblər.