MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib
Bakı, 13 aprel, AZƏRTAC
“Four Seasons Baku” mehmanxanasında Azərbaycan Konqreslər Bürosu (AzKB) ilə turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirilib.
AzKB-dən AZƏRTAC-a bildirilib ki, müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycan Konqreslər Bürosuna üzv olmağın üstünlükləri müzakirə edilib. Qeyd edilib ki, büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE - Toplantı, Təşviqat, Konfrans və Sərgi tədbirləri zamanı xüsusi üstünlüyə malik olurlar.
Tədbir zamanı, həmçinin planlaşdırılan sərgilər, may ayına nəzərdə tutulan, AzKB tərəfindən 10 şəhərdən cəlb ediləcək əsas MICE şirkətlərinin tanışlıq səfərinin təşkil olunması, bu il mayın 1-dən 31-dək təşkil ediləcək Bakı Şopinq Festivalı haqda geniş məlumat verilib və bu tədbirlər zamanı qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Tədbirdə Azərbaycan Konqreslər Bürosu üzvlərinin hansı üstünlüklərə malik olması, DMC tədbirlərində iştirak meyarları, eləcə də AKB-nin bu il üçün əsas satış və marketinq yanaşmaları barədə geniş məlumat verilib.
AzKB-nin turizm şöbəsinin nümayəndəsi mayın 1-dən 31-dək planlaşdırılan Bakı Şopinq Festivalı barəsində məlumat verərək qeyd edib ki, turistlərin həvəsləndirilməsi üçün xüsusi olaraq may ayında Bakı istiqamətinə hazırlanmış səfər paketləri çox sərfəlidir. Təklif edilib ki, DMC şirkətləri bu turist paketlərindən faydalanaraq öz müştərilərinə satışları təşkil etsinlər.
Təqdim edilən məlumatları böyük maraqla izləyən tədbir iştirakçılarını düşündürən müxtəlif suallar cavablandırılıb. Tədbir iştirakçıları “Azerbaijan meeting planers guide” kitabçasının təqdimatına da baxıblar. Kitabça ilə büronun saytındakı http://azcb.com/azerbaijan-meeting-planner-s-guide keçidi vasitəsi ilə tanış olmaq mümkündür.