MƏDƏNİYYƏT
Azərbaycan Muğam Mərkəzi Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO
Moskva, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Muğam Mərkəzi Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlıq əlaqələrini genişləndirir.
AZƏRTAC xəbər verir ki, Moskvada iki mədəniyyət ocağı arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədi Azərbaycan Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov imzalayıblar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi muzey və Beynəlxalq Muğam Mərkəzi 10 ildən artıqdır əməkdaşlıq edir və bir çox birgə tədbirlərin təşkilatçısı olublar. Hazırda imzalanan sənədin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə kömək edəcəyini vurğulayan M.Brızqalov qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə həm Moskvada, həm də Bakıda birgə layihələrin, o cümlədən muğam sənətinin təbliğinə yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov qədim tarixə və çoxillik ənənələrə malik Rusiya Milli Muzeyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, imzalanan memorandum Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin genişlənməsinə, muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin təbliğinə töhfə olacaq.
Memorandumun imzalanması mərasimindən Azərbaycan muğam ustalarının ifasında konsert proqramı təqdim edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva