REGİONLAR
Azərbaycan Polisi Günü münasibətilə “Polisə könüldən dəstək” sosial aksiyası təşkil olunub VİDEO
İmişli, 2 iyul, Aydın Yavər, AZƏRTAC
İmişli regional “ASAN xidmət” mərkəzi, “ASAN Könüllüləri” təşkilatı və İmişli Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə “Polisə könüldən dəstək” sosial aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində İmişli rayonunda ASAN könüllüləri tərəfindən polislə birgə vətəndaşlarla xüsusi karantin rejimi ilə bağlı koronavirus infeksiyasından qorunmağa və tibbi ləvazimatlardan istifadəyə, habelə yol keçidlərindən düzgün keçməyə dair söhbət aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim olunub.
Tədbirlər əsasən əhalinin sıx toplaşdığı ərazilərdə hərəkətin daha intensiv olduğu yerlərdə həyata keçirilib.
Polisə dəstək aksiyası günboyu asan könüllü əməkdaşları tərəfindən davam edib. Həmçinin İmişli regional “ASAN xidmət” binasında polis günü ilə bağlı flaşmob təşkil edilib.
Azərbaycan polis günü ilə əlaqədar təbrik səsləndirilib.
Xatırladaq ki, ölkəmizdə hər il 2 iyul - Azərbaycan Polisi Günü kimi qeyd olunur.