SİYASƏT
Azərbaycan Prezidenti mətbuat konfransında ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərdi
Bakı, 27 fevral, AZƏRTAC
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi və 4 saata yaxın davam edən mətbuat konfransında kifayət qədər vacib məsələlərə toxundu, Azərbaycanın mövqeyi dövlət başçısı tərəfindən yenidən konkret olaraq ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputat deyib: “Mətbuat konfransı ilə bağlı bir neçə vacib istiqaməti qeyd etmək istərdim. Əvvəla onun keçirilmə tarixi. Mətbuat konfransı xalqımız üçün olduqca önəmli bir gündə, Xocalı soyqırımının 29-cu ildönümündə keçirildi. Düşünürəm ki, mətbuat konfransının tarixi olduqca uğurla seçilmişdir və regionda törədilən erməni vəhşiliyinin birbaşa olaraq ölkə rəhbəri tərəfindən xarici və kifayət qədər güclü media nümayəndələrinin diqqətinə çatdırılması Xocalı gerçəklərinin daha geniş coğrafiyaya yayılmasına kömək edəcək. İkincisi, ölkə başçısı Qarabağ problemi ilə bağlı mövqeni bir daha açıq ortaya qoydu. Artıq belə bir problem yoxdur və həmin torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olub və bundan sonra da belə olacaq. Üçüncüsü, ermənilərin islamofob mövqeyi. Əslində burada ölkə başçısı İslam ölkələrinə konkret bir mesaj verdi - məscidlərdə donuz saxlayaraq İslam dinini təhqir edən ölkədən İslam ölkələrinə dost ola bilməz.
Növbəti bir məqam regionun gələcəyi ilə bağlıdır. Azərbaycan regionda həmişə olduğu kimi, sülhün tərəfdarıdır və bunun daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək. Daha sonra diqqəti çəkən məqam Azərbaycanın güclü dövlət olduğunun mesajlarının verilməsidir. Azərbaycan problemi özü həll etdi və erməni vəhşiləri tərəfindən dağıdılmış torpaqlarımızı özümüz bərpa edəcəyik. Bu məsələdə yeganə rəqibimiz zamandır.
Diqqəti çəkən məqamlardan biri də regiondakı sülhməramlılarla bağlı oldu. Dövlət başçısı sülhməramlıların fəaliyyəti, onların mandatı, görməli olduqları iş və gələcəkləri ilə bağlı məqamları konkret fikirlərlə ifadə etdi. Düşünürəm ki, burada da dövlət başçısı konkret misallarla fikirlərini ifadə etdi və lazımi mesajlar verdi”.
Deputat qeyd edib ki, kifayət qədər vacib məqamlarla zəngin olan mətbuat konfransında dil məsələsinə də toxunuldu. Ölkə başçısı açıq şəkildə bir daha ifadə etdi ki, Azərbaycanda yalnız bir dövlət dili var, o da Azərbaycan dilidir. Ölkəmizin digər ərazilərində olduğu kimi, işğaldan azad edilmiş yerlərdə də yalnız bir dil - Azərbaycan dili olacaq.
Bütövlükdə mətbuat konfransı Azərbaycan həqiqətlərinin, regionda yaranmış yeni reallıqların və bu bölgənin gələcəyi ilə bağlı məqamların aydınlanması baxımdan kifayət qədər uğurlu oldu. “Mən xüsusi olaraq cənab Prezidentin mətbuat konfransı zamanı peşəkarlığına toxunmaq istərdim. Hələ 44 günlük Vətən müharibəsi zamanı biz cənab Prezidentin xarici media nümayəndələrinə verdiyi müsahibələr zamanı peşəkar mövqeyini görmüşdük. Fevralın 26-da keçirilən mətbuat konfransı zamanı da biz yenidən peşəkarlıq gördük, hərtərəfli peşəkarlıq”, - deyə Ş.İsmayılov bildirib.