CƏMİYYƏT
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbəti hesabat-seçki konfransı keçirilib VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qiymətləndirmə işi üzrə beynəlxalq və respublika səviyyəli ekspertlər, KİV və QHT nümayəndələri iştirak ediblər.
Əvvəlcə qurumun ötən dövrdəki fəaliyyəti barədə məruzə dinlənilib.
Sonra Milli Məclisin deputatı, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri Xanhüseyn Kazımlı və digər çıxış edənlər qurumun fəaliyyəti, mövcud problemlər və onların həlli yolları, qarşıda duran vəzifələrdən bəhs ediblər. Bildirilib ki, təsərrüfat mexanizminin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin təmin edilməsində cəmiyyətin dəstəyi vacibdir. Azərbaycanda qiymətləndirmə işini müvəffəqiyyətlə həyata keçirmək üçün cəmiyyətin birliyi mühüm rol oynayır.
Sonda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti idarə heyətinin və təftiş komissiyasının yeni tərkibi seçilib.