ORDU
Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 126 atəş zərbəsi endirib VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 126 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Berd rayonunun Ayqepar kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Əlibəyli kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.