ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti və “Hidroservice Engineering” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti ilə “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Bəxtiyar Qənbərov imzalayıb.
Sazişə əsasən, universitetlə şirkət hidropnevmatik məhsulların hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirəcək. Bundan başqa, tərəflər innovasiyayönümlü layihələrin araşdırılması və onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, yeni məhsulların və texnologiyaların işlənməsi, tələbələrin təcrübə proqramlarında iştirakı və məzunların işlə təmin olunması, şirkətin yüksəkixtisaslı kadrlarının universitetdə tədrisə cəlb edilməsi ilə bağlı əməkdaşlıq edəcək.