ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində virtual “Açıq qapı” günləri davam edir
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) virtual “Açıq qapı” günləri davam edir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetin budəfəki qonaqları Abşeron məktəbliləri olub. Görüşdə iştirak edən AzTU-nun əməkdaşları məktəblilərə universitetin fakültələri və ixtisasları, ikili diplom proqramları, tələbə həyatı, karyera imkanları və gənc tədqiqatçıların uğurlu layihələri haqqında məlumat verib.
Dörd saat davam edən görüşdə 450 məktəbli iştirak edib və onların texniki ixtisaslara böyük maraq göstərdiyi müşahidə olunub.
Qeyd edək ki, “Açıq qapı” günləri həftəsonu günlərində Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.