ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetinin məzunu Almaniyada nanotexnologiyalar sahəsində güclü mütəxəssis olduğunu sübut etmişdir
Bakı, 6 fevral (AZƏRTAC). Azərbaycan Texniki Universitetinin (AzTU) Almaniyada yaşayan və işləyən məzunu bu ölkədə nanotexnologiyalar sahəsində güclü mütəxəssis olduğunu sübut etmişdir.
AzTU-dan AZƏRTAC-a bildirmişlər ki, həmyerlimiz Yaşar Musayev 2006-cı ildən Almaniyanın məşhur “Şcheffler” şirkətində çalışır. Dünyanın 70 ölkəsində müəssisələri və 75 min işçisi olan bu şirkət sənaye yastıqları və avtomobil hissələri istehsalı ilə məşğuldur. Markasından asılı olmayaraq hər bir avtomobil 100-dən çox “Şcheffler” hissəsi ilə hərəkət edir.
Azərbaycanlı alim yeddi il əvvəl həmin şirkətdə baş elmi işçi kimi fəaliyyətə başlamışdır. Hazırda o, nanotexnologiyaların istehsalata tətbiqi məsələləri ilə məşğul olan bölməyə rəhbərlik edir. Həmyerlimizin fəal iştirakı və təşəbbüsü ilə şirkətdə Sənaye Texnikumu adlı qurum yaradılmışdır. İyirmidən çox alim və mütəxəssis burada Y.Musayevin rəhbərliyi ilə elmi araşdırmalar aparır, laboratoriya sınaqları keçirir. Bu ixtiralar bir neçə tanınmış təyyarəqayırma sənayesi müəssisəsində, “BMW”, “Volkswagen”, “Toyota”, “Nissan”, “Hunday” kimi iri şirkətlərdə tətbiq edilir.
Bu yaxınlarda Y.Musayevin başçılıq etdiyi qurum “Bosh”, “Siemens”, “Daimler” kimi şirkətlərin də qatıldığı müsabiqənin qalibi olmuşdur.
Həmyerlimiz hazırda maşın və mexanizmlərdə çox yüklənmiş hissələrin yeyilməyə davamlılığının artırılması, sürtünmənin azaldılması imkanlarını araşdırır. Bu sahədə yeni texnologiyalar Almaniya kimi sənayesi inkişaf etmiş bir ölkənin büdcəsində səkkiz faizədək itkinin qarşısını almağa imkan verəcəkdir. Almaniya dövləti həmyerlimizin rəhbərlik etdiyi araşdırmaları dəyərləndirərək müvafiq dövlət proqramı qəbul etmişdir.
Y.Musayev, eyni zamanda, Erlangen-Nürnberg Universitetində elmi işlərə rəhbərlik edir. O, həmçinin Nürnberg ətrafında yaşayan azərbaycanlıları birləşdirən “Xəzər” Təhsil və Mədəniyyət Mərkəzinin idarə heyətinin sədridir.
İnanırıq ki, ölkəmizdən uzaqlarda Vətənimizi ləyaqətlə təmsil edən istedadlı ixtiraçı alim və elm təşkilatçısı Y.Musayev daha böyük uğurları ilə bundan sonra da xalqımıza başucalığı gətirəcəkdir.