CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin dilçi alimi iki beynəlxalq tədbirdə iştirak edib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Azərbaycan dili kafedrasının dosenti Dürdanə Rəhimzadə Türkiyədə keçirilən iki beynəlxalq tədbirdə məruzəçi qismində iştirak edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə D.Rəhimzadə Antalya şəhərində “ASEAD V Beynəlxalq Sosial Elmlər Simpoziumu”nda “Oğuz dillərindəki ərəb alınmalarında məna dəyişmələri” mövzusunda məruzə ilə çıxış edib. Dünyanın müxtəlif ölkələrindən 250-dən çox iştirakçının qatıldığı simpoziumda həmyerlimizin məruzəsi maraqla qarşılanıb.
Sonra ATU-nun əməkdaşı Ankarada keçirilən “Innovation and Global Issues Congress V” konqresində iştirak edib. Universitetin əməkdaşı orfoqrafiyamızda ən çox müzakirə doğuran məqamlardan birinə toxunub. O, “–iyyat, -iyyət” sonluqlu alınmalar və onların etimologiyası” mövzusunda məruzə edib. Bu məruzədən sonra müzakirələr aparılıb.
Qeyd edək ki, məruzələrin mövzuları D.Rəhimzadənin bitirməkdə olduğu doktorluq işi ilə əlaqəlidir. Bu, ATU əməkdaşının bu il iştirak etdiyi dördüncü beynəlxalq tədbirdir. İndiyə qədər D.Rəhimzadə İsveç, Bosniya, Rumıniya, Türkiyə, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq qurultay və konfranslarda iştirak edib.