CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin əməkdaşının məruzəsi seçilmiş elmi işlərin siyahısına daxil edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Cəmiyyətinin (İSAPS) 50-ci yubiley konfransı keçirilib.

Ötən əsrin 70-ci ilində yaradılan cəmiyyətin yubiley tədbiri 2020-ci ildə keçirilməli idi. Lakin bütün dünyanı əhatə edən pandemiya səbəbindən yubiley konfransı təxirə salınmışdı. Bu il isə idarə heyəti tərəfindən konfransın hibrid formatda keçirilməsi qərara alınıb.

Konfransın işinə həm canlı, həm də onlayn formatda Azərbaycan alimləri də qatılıblar.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda iştirak edən universitetin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova “Antropometrik müayinəsinin və xeylorinoplastikasının protokolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə anadangəlmə qüsurların aradan qaldırılması metodlarına yeni yanaşmalar da öz əksini tapıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycanlı alim məruzədə toxunulan məsələlərə dair sualları da cavablandırıb.

N.Sultanovanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrini təmsil edən plastik cərrahlar konfransa 3000-dən çox elmi iş göndəriblər. Həmin elmi işlərdən yalnız 240-ı seçilib və seçilmiş elmi işlərin siyahısına onun məruzəsi də daxil edilib.

N.Sultanova 95 ölkədən 1500 nəfərin canlı, 3000 nəfərin isə virtual formatda qoşulduğu konfransda müxtəlif sərgilərin təşkil olunduğunu, dünyanın məşhur plastik cərrahlarının master-klaslar keçdiyini, xüsusi ayrılmış zalda üç gün müddətində canlı əməliyyatlar aparıldığını bildirib. Qeyd edib ki, bu, pandemiya başlayandan indiyədək keçirilən ən böyük canlı tibbi konfrans idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.