ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində “Karyera günləri”
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və məşhur “KPMG” audit şirkətinin birgə təşkilatçılığı ilə “Karyera günləri” təşkil olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu universitetin elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov sənaye əlaqələrinin qurulması, sənaye və təhsil arasında boşluğun minimuma endirilməsi, tədris prosesində sənaye ağırlıqlı tədris planlarının tətbiqi, yeni ixtisasların yaradılması prosesində sənaye ehtiyaclarının düzgün qiymətləndirilməsi və nəzərə alınması məsələləri barədə məlumat verib.
“KPMG”nin insan resursları üzrə meneceri Nərgiz İbrahimova təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, dünyanın 155 ölkəsində filialları olan “KPMG” şirkəti bir neçə fərqli ixtisas üzrə 162 min peşəkar kadrı vahid komandada birləşdirir. Şirkət ATMU-da belə bir tədbir keçirtməklə həmin komandanın üzvü olmaq və beynəlxalq peşəkar status qazanmaq fürsətini təqdim edir.
Sonda “Karyera günləri”nin vaxtaşırı təşkili barədə ATMU ilə “KPMG” arasında razılıq sənədi imzalanıb.