İQTİSADİYYAT
Azərbaycan Turizmin Qlobal Etik Kodeksinə qoşulmuşdur VİDEO
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də işə başlamış 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF-2014”) çərçivəsində ölkəmizin turizm şirkətlərinin Turizmin Qlobal Etik Kodeksinə qoşulması ilə bağlı müqavilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin turizm sahəsində beynəlxalq səviyyədə əlaqələrin qurulmasına, əməkdaşlığın gücləndirilməsinə böyük önəm verdiyini bildirmişdir. Vurğulanmışdır ki, bu gündən etibarən hər bir turizm şirkəti səfərə göndərdiyi turistlərin davranış qaydalarına, onların etik normalara riayət etmələrinə xüsusi önəm verməlidir.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai demişdir ki, bu günədək davranış kodeksini 34 ölkədən 247 assosiasiya imzalamışdır. Azərbaycanın turizm şirkətlərinin də bu kodeksə qoşulmaları sevindirici haldır.
Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov isə ölkəmizin turizm şirkətlərinin bu kodeksə qoşulmaqla onun bütün norma və qaydalarına riayət edəcəklərinə əmin olduğunu bildirmişdir.
Sonra Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov ölkəmizin turizm şirkətlərinin Turizmin Qlobal Etik Kodeksinə qoşulması ilə bağlı müqaviləni imzalamışlar.