ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin tələbələri ECDL sertifikatı alacaq
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Universitetində növbəti ECDL təlimləri başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələrinin iştirak etdiyi dərslər həftədə iki dəfə, hər dərs 90 dəqiqə olmaqla təşkil olunur və kompüterin əsasları, onlayn biliklər, mətn prosessoru, elektron cədvəllər, təqdimat olmaqla beş modul üzrə aparılır. Dərslər iyunun 3-də yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan Universiteti kompüter biliklərini ölçən beynəlxalq ECDL sertifikat proqramının (European Computer Driving Licence - Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən çox ölkə tərəfindən tanınır.
Universitetin nəzdindəki ECDL Mərkəzi həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərir. ECDL təlimlərinin imtahanlarından uğurla keçən tələbələr kompüter bacarıqlarını beynəlxalq səviyyəli sertifikatla təsdiq edə biləcəklər.