ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət
Bakı, 22 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 32 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət” mövzusunda tədbir keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin direktoru Sevda Abdullayeva tariximizin ən parlaq və şərəfli səhifələrindən biri olan AXC-nin yaranmasının 100-cü ildönümünün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edildiyini bildirib.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 1918-ci il mayın 28-də yaradılan, müsəlman Şərqinin ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan AXC-nin xalqımızın yaddaşında silinməz izlər buraxdığını, müasir müstəqil Azərbaycanın bu Cümhuriyyətin siyasi varisi olduğunu diqqətə çatdırıb. İdarə müdiri belə tədbirlərin şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, profesor İzzət Rüstəmov ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın inamla irəlilədiyini, regionda və dünyada lider dövlətə çevrildiyini söyləyib.
Çıxış edənlər AXC-nin 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə şagirdlər mahnı və şeirlərdən ibarət kompozisiyalar nümayiş etdiriblər.
Sonda Cümhuriyyətin tarixinə dair film göstərilib.