CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, cəmi 23 ay yaşamış Cümhuriyyət milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladan Y.Bahadurqızı vurğulayıb ki, AXC-nin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.
Kürdəmir rayon 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova isə Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmasından, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər qurmasından, 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində süquta uğramasından bəhs edib.
Kitabxananın əməkdaşı Məhinə Şirəliyeva və tarixçi-tədqiqatçı Ağa Zeynalov çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlərin araşdırılaraq yenidən tədqiq edilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə Cümhuriyyət dövrü ilə bağlı tarixi kadrları özündə əks etdirən film nümayiş olunub, məktəblilər Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləyiblər.