İDMAN
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda keçirilən futbol turniri başa çatıb
İstanbul, 15 aprel, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyə Xarici İşlər Nazirliyinin və bu ölkənin Futbol Federasiyasının dəstəyi ilə keçirilən futbol turniri uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, İstanbuldakı baş konsulluqların kollektivlərindən təşkil olunan, eləcə də İstanbul valiliyinin komandaları arasında keçirilən turnirə aprelin 15-də yekun vurulub.
Turnir çərçivəsində Türkiyə Futbol Federasiyasının İstanbuldakı “Riva” idman kompleksində ümumilikdə 20-dən artıq oyun keçirilib.
Finalda “Qırğızıstan”–“Özbəkistan” “Azərbaycan”-“Ukrayna” komandaları qarşılaşıb. Finalın qalibi “Qırğızıstan” komandası olub. İkinci yeri “Özbəkistan”, üçüncü yer isə “Azərbaycan” komandası tutub. “Ukrayna” isə dördüncü yerlə kifayətlənib.
Sonda qalib komandalara, ən yaxşı futbolçulara, eləcə də təşkilatçılara mükafatlar təqdim olunub.
Final yarışların izlənməsində və mükafatlandırma mərasimində iştirakçı komandaların təmsil olunduqları ölkələrin baş konsulları, İstanbul valiliyinin təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul