İQTİSADİYYAT
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin maliyyə hesabatı müsbət rəy alıb
Bakı, 21 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2017-ci il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub. Auditi dünyanın dörd ən nüfuzlu şirkəti siyahısında yer alan EY (“Ernst & Young”) aparıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyevin gəmiçiliyin rəhbəri Rauf Vəliyevlə görüşü zamanı, hesabatın beynəlxalq standartlara uyğun hazırlandığı və bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verdiyi qeyd olunub. Vaxtından əvvəl təqdim olunan maliyyə hesabatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də şəffaflıq, uçot prinsiplərinin qorunmasının göstəricisidir.
Müzakirələrdən sonra tərəflər 2017-ci ilin birləşdirilmiş maliyyə hesabatını təsdiqləyiblər. Sözügedən hesabat hər il olduğu kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli qərarı ilə təsdiq olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların tərkibinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də daxil edilib.