ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Kazanda keçirilən beynəlxalq konfransda sertifikatla təltif olunublar
Bakı, 14 oktyabr, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Kazan Federal Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr İnstitutu və Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Respublikasının yaradılmasının 70 illiyinə həsr olunmuş “Rusiya-Çin: tarix və mədəniyyət” mövzusunda XII beynəlxalq elmi-praktik konfrans keçirilib.
Beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda Əzizağa Nəcəfzadənin “Makedoniyalı İskəndərin Çin yürüşü (ət-Təbərinin “Tarix” və Nizaminin “İskəndərnamə” əsərləri əsasında)”, Aynur Nəcəfovanın “Çin və Çinin tarixi Gümüş dövr rus poeziyasında” mövzularında məruzələri maraqla qarşılanıb.
Azərbaycan alimləri konfransda səmərəli fəaliyyətlərinə görə xüsusi beynəlxalq sertifikatla da təltif olunublar.
Qeyd edək ki, məruzələrin mətnlərinin tam dərc olunduğu ümumi topluda Əlyazmalar İnstitutunun digər alimi, əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın “Çini qablar dünyəvi mədəniyyət nümunəsi kimi” məqaləsi də yer alıb.