CƏMİYYƏT
Azərbaycan blokada şəraitində qalan Naxçıvan ərazisinə ekoloji ziyan vurulmasına imkan verməyəcək

Bakı, 8 iyun, AZƏRTAC
Ermənistan hər zaman olduğu kimi qonşu dövlətlərin ekoloji vəziyyətini nəzərə almadan hərəkət edir. Mənfur qonşularımız başqa güclərlə birlikdə torpaqlarımızın 20 faizini işğalda saxlayarkən də təbiətə qarşı vandal münasibət sərgiləmişdi. Hazırda dövran tamam dəyişib və Azərbaycan regionun ən qüdrətli dövlətlərindən biridir. Ermənistan bunu bilir və bununla da hesablaşmalıdır. Burada hər hansı bir fabrik, zavodun inşa olunması və ətrafa vuracağı zərəri nəzərə alaraq Azərbaycanla məsləhətləşmələr edilməli idi. Sülh sazişi imzalanmadan bizim sərhədimizdə və ya sərhədimizə yaxın bölgədə ətraf mühitə zərər vermək ehtimalı yüksək olan zavodun tikilməsi əlbəttə ki, Azərbaycanı və ölkənin ekoloji təşkilatlarını narahat etməyə bilməz. Buna görə də birlikdə bəyanat səsləndirdik və ABŞ dövlətinə və Ermənistan ekoloqlarına çağırış etdik.
Bunu AZƏRTAC-a müsahibəsində “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etmək niyyətinə münasibət bildirərək deyib.
“Ermənistan Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində inşa edəcəyi iri metallurgiya zavodunun illik istehsal gücünü 180 min ton göstərir. Lakin Cənubi Qafqazda təbii ehtiyatların təxmini həcmini bilirik. O qədər istehsal gücü olan zavodu tikmək populistlikdən başqa bir şey deyil. Zavodun istehsal gücünün yüksək göstərilməsi o deməkdir ki, orada metalla bağlı bütün proseslər ətraf mühitə böyük zərər vura bilər. Təbii ki, bizim mütəxəssislərimiz, ekspertlərimiz yaxın vaxtlarda illik istehsal gücü 180 min ton olan zavodun ətraf mühitə nə qədər ziyan vura biləcəyini dəqiq hesablayacaqlar. Görünən odur ki, zavoddan xaric olunacaq çirkab sular, atılacaq kimyəvi maddələr Araz çayına axıdılacaq. Şübhəsiz ki, bu, tək Azərbaycanı deyil, qonşu dövlətləri də - Türkiyəni də, İranı da, hətta Ermənistanın özünü də narahat etməlidir. Xüsusilə daha çox İranı hərəkətə gətirməlidir. Təəssüf ki, İran hələ də susur və buna münasibət bildirmir. Ümid edirəm ki, ətraf mühit üzrə beynəlxalq təşkilatlar müraciətimizə münasibət bildirəcək, ABŞ-ın ekoloji təşkilatları səsimizə səs verəcəklər. Əgər Ermənistan yaxın vaxtlarda belə bir zavod tikmək istəyirsə, Zəngəzur koridorunun açılmasını da nəzərə almalıdır. Əslində Azərbaycanla məsləhətləşərək belə bir addım ata bilsə idi, onlar üçün daha faydalı olardı. Bu mənada hesab edirəm ki, Azərbaycan illərdir blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikasının ərazisinə ermənilərin ekoloji cəhətdən də ziyan vurmağa çalışmasına imkan verməyəcək”, - deyə Q.İbrahimli bildirib.