SİYASƏT
Azərbaycan demokratiya yolunda inamla addımlayır
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Şəffaflığın tam təmini və səsvermə prosesinin obyektiv qiymətləndirilməsi məqsədilə beynəlxalq müşahidəçilər dəvət edilib.
AZƏRTAC xəbər verir ki, aprelin 12-də “Sputnik Azərbaycan” informasiya agentliyində Avropa Parlamentinin İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiyadan olan deputatlarından ibarət “Vətəndaş dialoqu” adlı müşahidə missiyasının nümayəndələri ilə görüş keçirilib.
Avropa Parlamentinin Almaniyadan (Almaniya Milli-Demokratik Partiyası) olan deputatı Udo Foyqt seçkilərin təşkilinin yüksək səviyyəsini, səsvermənin şəffaf və demokratik şəkildə həyata keçirilməsi üçün seçki məntəqələrində hər cür şəraitin yaradıldığını qeyd edib. “Biz 7 məntəqədə olduq. Onların hər birində seçicilərin yüksək fəallığı müşahidə edilirdi. Çoxlu sayda qadınların səsvermədə iştirak etməsi xüsusilə sevindirici haldır. Bu onu göstərir ki, Azərbaycanda qadınlar bütün azadlıqlara malikdir. Mənə məlumdur ki, bu siyasətin əsası 1918-ci ildə Azərbaycan qadınına seçki hüququ veriləndə qoyulub. Səhhəti ilə əlaqədar səsverməyə gələ bilməyən seçicilər üçün yaradılmış şəraiti vurğulamaq istəyirəm. Onlara səyyar seçki qutusu aparılıb. Ölkə həyatının bu mühüm hadisəsində hər bir vətəndaşın səsi rol oynayır”.
Bolqarıstan parlamentinin deputatı (Bolqarıstan Sosialist Partiyası) Aleksandr Simov diqqətə çatdırıb ki, seçki məntəqələrində hər hansı qanun pozuntusu aşkar edilməyib, seçicilərə heç bir təzyiq göstərilməyib, KİV nümayəndələri seçkilərdən sərbəst reportajlar təqdim ediblər.
Cənubi Tirol (İtaliya) parlamentində “Şimal Liqası” parlament qrupunun prezidenti Luici Nevolla qeyd edib ki, səsvermə günü seçki məntəqələrində bütün yaşlardan vətəndaşları görmək olardı, habelə seçicilərin yüksək fəallığı müşahidə edilirdi. “İnsanlar ölkənin taleyinə biganə deyillər. Ona görə də onlar öz xalqının gələcəyi naminə səs verməyə gəliblər. Əsl demokratiya budur”, - deyə Luici Nevolla deyib.
Argentina parlamentinin deputatı və “Merkosur” təşkilatının vitse-prezidenti Daniel Ramundo Prezident İlham Əliyevin qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik edib. O vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini nisbətən yaxın vaxtda bərpa etsə də, ölkə demokratiya yolunda inamla addımlayır.
Sonra “Vətəndaş dialoqu” missiyasının nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.