ELM VƏ TƏHSİL
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə mayın 8-də keçirilmiş test imtahanının nəticələri elan olunub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanın nəticələri mayın 20-də saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə iş nömrəsi və “Şəxsi kabineti”nin parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Xatırladaq ki, mayın 8-də DİM tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirib.
İmtahanda iştirakı nəzərdə tutulan 20555 nəfərdən 414 nəfər imtahana gəlməyib.
Cari il imtahan iştirakçıları maksimum 100 bal toplaya bilər. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
DİM ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırır ki, onlar iyunun 12-də keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq. Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.
Mayın 8-də keçirilmiş imtahandan “qeyri-məqbul” qiymət alanların yaz qəbul imtahanlarında iştirakına da icazə verilir.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən mayın 25-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 22-24-də DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.