ELM VƏ TƏHSİL


“Azərbaycan ədəbiyyatı tarixi”nin V cildi - ədəbi fikir tariximizin konkret mərhələsinə elmi-nəzəri baxış

Bakı, 2 iyul, AZƏRTAC

“Azərbaycan ədəbiyyatı tarixi”nin “Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü” adlı V cildi akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunub. Redaksiya şurası İsa Həbibbəyli (baş redaktor), İslam Qəribli (məsul redaktor), Şahbaz Şamıoğlu Musayev (məsul redaktorun müavini) və Mehman Həsənlidən (məsul katib) ibarətdir. Akademik nəşr baş redaktorun “Azərbaycanda maarifçilik hərəkatı və ədəbiyyatda maarifçi realizm dövrü” adlı “Ön söz”ü və 3 fəsildən ibarətdir.

Bu barədə AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu baş direktorunun müşaviri filologiya elmləri doktoru Əlizadə Əsgərli məlumat verib.

Onun sözlərinə görə, “Azərbaycan ədəbiyyatı tarixi”nin V cildi ədəbi fikir tariximizin konkret mərhələsinə ədəbi-metodoloji baxışın praktik göstəricisi olub XIX əsr Azərbaycan maarifçiliyinin elmi-nəzəri konsepsiyasıdır. Realizmin ədəbiyyatımızda əsaslı təşəkkülü XVIII əsrə aiddir. Erkən realizm Molla Pənah Vaqifin adı ilə bağlıdır. Akademik İsa Həbibbəyli yazır ki, erkən realizmin səciyyəvi xüsusiyyəti klassik romantik lirikadan fərqli olaraq xalq həyatını, ölkə coğrafiyasını ədəbiyyata gətirib. Orta əsrlərin qəzəl-qəsidə şeirini heca vəznli qoşma, gəraylı janrları əvəz edib. Cəmiyyətdəki yeniləşmə, milli məişətin reallıqlarını isə XIX əsrin maarifçi realizmi həyata keçirib. Dövrün aparıcı ədəbi istiqamətini maarifçilik hərəkatı müəyyən edib, maarifçi ideyalar ədəbi-ictimai fikrə geniş təsir göstərib.

Azadlıq mübarizəsinin təşəkkülündə xanlıqlar dövrü maarifçi düşüncənin qüvvətlənməsinə müəyyən şərait yaradıb. Qərb maarifçiliyi isə maarifçi mühit üçün ideya qaynağı olub. Qərbdən gələn maarifçi ideyalar, ədəbi-mədəni proses rus həyatının bütün sahələrini hərəkətə gətirib, oradan Azərbaycana yayılıb. Qərb maarifçiliyinin əsaslarını təşkil edən feodal-monarx əxlaqı və despot mühitinə inkarçı münasibət, maarifçi fikir və düşüncənin müdafiəsi yeni dövr ədəbiyyatımızın məramını, əsas yönlərini hazırlayıb.

Ə.Əsgərzadə bildirib ki, akademik İsa Həbibbəylinin bir müddəasına görə, XIX əsrin II yarısından Azərbaycanda maarifçilik milli ideyadan böyük maarifçi hərəkat səviyyəsinə yüksəlib. İlk Azərbaycan maarifçiləri Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh və İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatının yeni ideyalarla zənginləşməsində böyük töhfə verib. XIX əsrin I yarısında Azərbaycan ədəbiyyatında klassik divan şeiri ənənələri ilə maarifçi ideyalar yanaşı inkişaf etdirilib. Divan şeiri əsasən XVII-XVIII əsrlərdən romantik görkəmdən didaktik mahiyyətə doğru yönəlib, xalq-aşıq şeirinə meyil qüvvətlənib. XX əsrdə həm divan şeirində, həm də təriqət ədəbiyyatında dünyəvi həyata baxış genişlənib, bu da, ilk növbədə, dövrün maarifçilik hərəkatı ilə əlaqəli olub. XIX əsrdə maarifçi ideyalar ədəbi fikrin əsas, aparıcı mövzusuna çevrilib. Mirzə Fətəli Axundzadə xalq hərəkatı ideyasını irəli sürülüb. İslahatçılıq mütəfəkkir ədibin maarifçilik baxışlarından, xalq hakimiyyəti ideyası isə demokratizmindən irəli gəlib.

Elmi qənaət budur ki, Azərbaycan maarifçi-realist ədəbiyyatının formalaşdığı, inkişafa başladığı dövr XIX əsrin 30-cu illəridir. Ədəbiyyat Şərq yönlü klassik poeziyadan ayrılaraq özünü ölkə maraqlarında göstərib, Qərbə meyillilikdə təzahür edib. Ədəbi-ictimai fikirdə Qərb maarifçiliyi əsas yön olub. Azərbaycan ədəbiyyatı insan və cəmiyyət problemləri ətrafında düşünüb, yeni həyat uğrunda mübarizəyə başlayıb.

İsa Həbibbəyli mövcud elmi müddəalarını genişləndirərək hesab edib ki, realist-satirik ədəbiyyatın əsası Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Baba bəy Şakir və Mirzə Baxış Nadimlə qoyulub. Alimə görə, maarifçi realizm Azərbaycan realizminin konkret inkişaf mərhələsi, realizmin təzahür formalarından, yaradıcılıq tiplərindən biri, maarifçi realizm ədəbi cərəyandır. Realist bədii metod onun hərəkətverici qüvvəsidir. XIX əsr mərhələsi Azərbaycan ədəbiyyatının maarifçilik hərəkatı və maarifçi realizm dövrüdür. Maarifçilik ictimai fikrin, cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edib, ədəbi fikrin aparıcı istiqaməti olub. Maarifçi realizm –çoxəsrlik Azərbaycan ədəbi fikrinin xüsusi bir mərhələsidir. Maarifçi realizm Azərbaycan ədəbiyyatında XVIII əsr erkən realizminin yekunu, XX əsr tənqidi realizminin başlanğıcıdır.

Kitabın “XIX əsrin I yarısında Azərbaycan ədəbiyyatı” adlı I fəslində və “XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı” adlı II fəslində icmal yazılar İsa Həbibbəylinindir. III fəslin “Azərbaycan milli teatrının yaradılması” icmalı Aynur Mustafayevaya, “Azərbaycan milli mətbuatının yaradılması və inkişafı” icmalı Şahbaz Şamıoğluna aiddir.

İnstitut əməkdaşlarının monumental akademik nəşrinin sonunda ingiliscə və rusca xülasələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.