ORDU
Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, oktyabrın 30-da Azərbaycan Respublikasının müvafiq yaş kateqoriyasına aid vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə qəbulu başa çatıb. Sərəncamdan irəli gələn tələblər daxili işlər nazirinin və Daxili Qoşunlar komandanlığının da ciddi nəzarəti altında həyata keçirilib.
Daxili Qoşunların (DQ) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DQ komandanının müvafiq tapşırığına əsasən, gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və təlim-tədrisinin təşkili prosesində iştirak edən, bu sahəyə cavabdeh vəzifəli şəxslər tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Noyabrın 2-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində olub, gənc əsgərlərlə görüşüb.
General-mayor Ş.Məmmədov çıxışına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətənə, dövlətə sədaqət hissi aşılayan fikirləri ilə başlayıb: “Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir...”.
Ş.Məmmədov dövlətimizin başçısının fikirlərinin əsgərlərin xidmətinə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırıb. O, əminliklə bildirib ki, bu gün gənc əsgər kimi sıralarımıza daxil olan hərbi qulluqçular xidmət dövründə öyrəndikləri hərbi bilikləri, qazandıqları təcrübəni dövlətimizin daha da qüdrətlənməsinə, güclənməsinə yönəldəcək, Vətənə layiqli övlad olacaqlar.
Əsgər həyatının özünəməxsus çətinliklərindən bəhs edən komandan çıxışında vurğulayıb ki, Vətənini, dövlətini ürəkdən sevən, hərb elmini, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək, xalqımızın və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin etimadını doğruldacaq.
Sonra gənc əsgərləri maraqlandıran suallar ətraflı cavablandırılıb.