İQTİSADİYYAT
Azərbaycan ilə Almaniya arasında enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şleyer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horzetskinin rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Almaniyanın “SMS group GmbH”, “Claas Global Sales”, “WILO SE”, “Vallourec Deutschland GmbH” kimi nüfuzlu şirkətlərinin və “Deutsche Bank”ın yüksək səviyyəli təmsilçilərinin də qatıldığı görüşdə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb.
Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi Azərbaycanın əhəmiyyətli rolundan bəhs edən energetika nazirinin müavini Gülməmməd Cavadov TAP və TANAP layihələrinin qitənin qaz tələbatının ödənilməsində geniş imkanlar yaradacağını bildirib. O, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi istiqamətlərində də mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Nazir müavini hazırda Energetika Nazirliyinin yerli və xarici mütəxəssislərin, energetika sahəsində fəaliyyət göstərən qurumların rəy və təkliflərini nəzərə almaqla, energetika sektorunun strateji inkişaf istiqamətlərini müəyyənləşdirdiyini deyib. Bildirib ki, gələcəkdə hazırlanacaq Dövlət Proqramları enerji səmərəliliyinin yüksək səviyyədə təmin olunmasına mühüm töhfə verəcək. Qeyd edib ki, bu istiqamətdə Almaniyanın təcrübəsindən bəhrələnmək faydalı olar.
Almaniya–Azərbaycan Forumunun İdarə Heyətinin sədri Hans-Eberhard Şleyer isə deyib ki, TAP və TANAP layihələri Qərbi Avropa, o cümlədən Almaniyanı qaz asılılığından xilas etməklə yanaşı, ölkəsini daha müstəqil hiss etməsinə imkan yaradacaq.
Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horzetski isə ölkəsinin alternativ və bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi sahəsində mühüm inkişaf yolu keçdiyini nəzərə çatdırıb. Bu istiqamətdə əməkdaşlıq etmək üçün hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması təklifindən çıxış edib və təklif yüksək qiymətləndirilib. Həmçinin, enerji sahəsində yeni istiqamətlər üzrə birgə əməkdaşlığa dəstək ifadə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.