SİYASƏT


Azərbaycan ilə İndoneziya arasında siyasi dialoq inkişaf edir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan ilə İndoneziya arasında siyasi dialoqun inkişafı məmnunluq doğurur, ölkələrimiz arasında məsləhətləşmələr mexanizminin daha da gücləndirilməsi vacibdir.

Bu fikir xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İndoneziyanın xarici işlər nazirinin müavini Əbdülrəhman Məhəmməd Fahir ilə görüşündə səslənib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, enerji sahəsində əməkdaşlığın uğurla davam etdiyi qeyd olunan görüşdə iqtisadi-ticarət əlaqələrinin birgə səylərlə təşviqi və şaxələndirilməsi məqsədilə biznes dairələri arasında əlaqələrin artırılmasının əhəmiyyətə malik olduğu bildirilib.

Söhbət zamanı iki ölkənin diplomatik akademiyaları arasında əlaqələrin yaradılması, tələbə mübadiləsi və turizmin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

İndoneziyalı nazir müavini Forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin gündəliyinə aktual məsələlərin daxil edildiyini bildirib.

Görüşdə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın təxribatı ilə qoşunların təmas xəttində yaranmış son gərginlik barədə də məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.