SİYASƏT
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 13 dekabr, AZƏRTAC
Latviyada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin Seyminin sədri xanım İnara Murniese ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Latviya parlamentləri arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Baltik ölkələri regional əməkdaşlıq formatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanın NATO ilə əməkdaşlığına diqqəti cəlb edən xanım İnara Murniese ölkəmizin bu qurumun “Qətiyyətli dəstək” əməliyyatına mühüm töhfə verdiyini məmnunluqla qeyd edib.
İkitərəfli formatla yanaşı, Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.
İnara Murniese “Şərq Tərəfdaşlığı” proqramı formatının Latviyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu və ölkəsinin Azərbaycan ilə bu çərçivədə hərtərəfli əməkdaşlığı dəstəklədiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.