İDMAN
Azərbaycan ilə Oman arasında velosiped idmanının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb
Bakı, 26 iyul, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasında (AVİF) görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, qonağı federasiyanın inzibati binasının yerləşdiyi Respublika Velotreki və Azərbaycan velosiped idmanının tarixini özündə əks etdirən muzeylə tanış edən AVİF-in vitse-prezidenti Sahib Ələkbərov ölkəmizdə idmanın bu növünün inkişafı ilə bağlı ətraflı məlumat verib. S.Ələkbərov bildirib ki, idmanın bütün növlərində olduğu kimi, velosiped idmanına da göstərilən dövlət qayğısı nəticəsində son illər ərzində idmançılarımızın ustalıq səviyyəsi xeyli artıb. Əldə olunan nəticələr yüksələn xətt üzrə inkişaf edir.
Federasiya rəsmisi müstəqillik illərində ilk dəfə olaraq, velosipedçilərimizin Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmasını, "Synergy Baku" kontinental komandamızın planetin müxtəlif ölkələrində uğurlu nəticələr qazanmasını, lazımi infrastrukturun yaradılmasını diqqətə çatdırıb. Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etdiyini deyən S.Ələkbərov 2018-ci ildə paytaxtımızda BMX üzrə dünya çempionatının keçirilməsinin planlaşdırıldığını bildirib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq hər iki ölkənin müvafiq federasiyaları arasında əməkdaşlıqda maraqlı olduğunu söyləyib. O, bir çox məsələlərdə, xüsusən yarışların təşkilində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətində olduğunu deyib.
Görüşün sonunda qonağa Azərbaycan Velosiped İdmanı Federasiyası adından xatirə hədiyyələri təqdim edilib.