MƏDƏNİYYƏT
Azərbaycan ilə Tunis arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tunis Respublikasına səfəri çərçivəsində bu ölkənin turizm və əl işləri naziri Salma Elloumi Rekik ilə görüşüb.
Görüşdə Ə.Qarayev Tunisdə keçirilən ISESCO-ya üzv ölkələrin təhsil nazirlərinin birinci konfransında qurumun 12-ci baş konfransının prezidenti qismində iştirak etdiyini qeyd edib və oktyabrın 30-dan noyabrın 2-dək Misir Ərəb Respublikasının Luksor şəhərində təşkil olunacaq Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyası və V Dünya Şəhər Turizm Sammitində iştirak edəcəyi barədə məlumat verib.
Həmçinin o, Tunisdə olduğu müddətdə, Tunisin Prezidenti Beji Kaid əs-Sebsi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni və ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşlərindən bəhs edib.
Görüşdə iki ölkə arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Əbülfəs Qarayev ölkəmizdə bunun üçün geniş potensialın olduğunu, turistlər üçün asan viza rejiminin tətbiq edildiyini, son dövrlər ölkəmizə gələn turistlərin sayının artdığını söyləyib.
Görüşdə, Tunisdə ali turizm təhsilinin yüksək səviyyədə olduğunu nəzərə alaraq, bu sahə üzrə intensiv təcrübə mübadiləsinin aparılması və layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda azərbaycanlı nazir tunisli həmkarını 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Nazir Salma Elloumi Rekik dəvətə görə təşəkkürünü bildirib və gələcəkdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.