MƏDƏNİYYƏT
“Azərbaycan” jurnalının sentyabr nömrəsində
Bakı, 4 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Azərbaycan” jurnalının sentyabr nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın “Poeziya” bölməsində Vaqif Bəhmənli, Fərid Hüseyn, Sabir Yusifoğlu, Tahir Taisoğlu, Nofəl Ümid, Avtandil Ağbaba, Dəyanət Osmanlı və İsmayıl İmanzadənin şeirləri verilib.
“Qabil-90” adlı xüsusi rubrikada Vaqif Yusifli Xalq şairi Qabilin yaradıcılığından bəhs edib.
“Nəsr” bölməsində Kamran Nəzirlinin “Sarışın mələk”, “Şəkil haqqında ballada”, Aydın Talıbzadənin “Memi” hekayələri və Elçin Hüseynbəylinin görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminliyə həsr etdiyi “Yenə iki od arasında” əsəri yer alıb. Bu, müəllifin “Səkkizinci Qarabağnamə”sidir.
“Yeni tərcümələr” bölməsində Vilayət Hacıyevin tərcüməsində Haynrix Böllün “Və bircə kəlmə də demədi” romanının son hissəsi təqdim edilib.
Jurnalda Məzahir Süleymanzadənin “Yazıçılar haqqında xatirələr”i (Əzizə Cəfərzadə, Süleyman Rüstəm, Xəlil Rza Ulutürk, Tofiq Bayram və Rəsul Həmzətov barədə), Vahid Məhərrəmovun “Qarabağ müharibəsi nəsrimizdə” yazısı da dərc olunub.
“Tanıtmalar” rubrikasında Vaqif Yusiflinin gənc şairlərin şeirləri haqqında fikirləri, “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Aynurə Mustafayevanın “İki mininci illər dramaturgiyası” haqqında yazısı yer alıb.
Jurnalın redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.