SİYASƏT
Azərbaycan multikulturalizmi Portuqaliya mətbuatında
Bakı, 24 fevral, AZƏRTAC
Bu günlərdə Portuqaliyanın məşhur “Dnoticias.pt” portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasionun Azərbaycan multikulturalizmi ilə bağlı fikirlərinin əks olunduğu müsahibə yayılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Teresa Damasio Qafqaz regionunda Azərbaycanın artan nüfuzunu qeyd edərək ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qədim tarixə malik olduğunu vurğulayıb. O, təmsil etdiyi Lusofona Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin müdavimlər tərəfindən maraqla qarşılandığını, qış məktəbi ərzində bu fənn vasitəsilə öyrəndiklərinin əyani şahidi olduqlarını qeyd edib.
Professor gələcəkdə həm sözügedən ali təhsil ocağının, həm də Portuqaliyanın digər universitetlərinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, eləcə də ölkəmizin bir sıra ali təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq imkanlarının yaranacağına ümidvar olduğunu bildirib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Müsahibədə Azərbaycanın və Portuqaliyanın multikulturalizm modellərindəki ortaq və fərqli nüanslar diqqətə çatdırılıb, hər iki ölkə arasında elmi, mədəni və humanitar sferalarda geniş əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.
Qeyd edək ki, Teresa Damasio fevralın 8-dən 15-dək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbində mühazirəçi qismində iştirak edib. O, tələbələrə “Yeni dünya nizamı və multikulturalizm” mövzusunda mühazirə oxuyub.