SİYASƏT
“Azərbaycan multikulturalizmi” fənni növbəti dəfə Bolqarıstan universitetində
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində həmin fənnin növbəti dəfə tədrisinə başlanılıb.
Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klassik və müasir filologiya fakültəsində keçirilən fənni universitetin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şigayeva-Mitreska tədris edir. 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” fənninin fevralın 25-də baş tutan ilk dərsi Xocalı faciəsinə həsr edilib. Tələbələrə bu soyqırımı ilə bağlı ətraflı məlumat verilib, faciəni əks etdirən film nümayiş etdirilib.
Bildirilib ki, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə 2015-ci ilin yaz semestrindən start verilib və tələbələrin xüsusi marağına səbəb olub.