CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti İlkin Səhiyyə Xidməti üzrə Beynəlxalq Konfransda iştirak edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 25-26-da Astana (Qazaxıstan) şəhərində İlkin Səhiyyə Xidməti üzrə Beynəlxalq Konfrans keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qazaxıstan hökuməti, Dünya Səhiyyə Təşkilatı (DST) və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən, Almatı Deklarasiyasının 40 illiyinə həsr olunmuş konfransın əsas məqsədi səhiyyə sahəsində ilkin səhiyyə xidmətinin inkişafında yeni bir istiqamətin yaradılmasıdır.
Konfransda 146 ölkədən 2 minə yaxın nümayəndə, o cümlədən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva, Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmancı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə də iştirak ediblər.
Beynəlxalq tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə İlkin Səhiyyə Xidmətinə dair yeni Bəyannamə qəbul edilib. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayacaq İlkin Səhiyyə Xidməti beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır.
Konfransda ölkəmizi təmsil edən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, yeni qəbul edilən “Astana deklarasiyası-2018” DST və UNICEF tərəfindən 1978-ci ildə qəbul olunmuş və səhiyyədə davamlı inkişafın təmin edilməsində əsas rol oynayan “Almatı Deklarasiyası-1978”in 40 il sonra yenidən modernləşdirildiyi və DST tərəfindən bütün dünya ölkələrinə 2050-ci ilə qədər tövsiyə edilən yeni və əsas yol xəritəsidir.
Qeyd edək ki, İlkin Səhiyyə Xidməti mükəmməl bir model kimi 40 il əvvəl, 1978-ci ildə Almatıda (Qazaxıstan) keçirilən beynəlxalq konfransdan sonra təbliğ olunmağa başlanıb. Konfrans çərçivəsində qəbul olunmuş “Almatı deklarasiyası” Dünya Səhiyyə Təşkilatının “Hamı üçün sağlamlıq” adlı qlobal strategiyasının əsas konsepsiyasına çevrilib.