SİYASƏT
Azərbaycan səfirinin Braziliyanın Gerais ştatında keçirdiyi görüşlərdə əməkdaşlığa dair məsələlər müzakirə olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Braziliya Senatının Birinci vitse-spikeri, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Antonio Anastasianın dəvəti ilə səfir Exan Poluxov Minas Gerais ştatının paytaxtı Belo Horizonte şəhərinə səfər edib və bir sıra görüşlər keçirib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfərin ilk günündə E.Poluxov ştatın Sənayeçilər İttifaqının prezidenti Flavio Roscoe Noguveira ilə görüşüb. Səfir ölkəmizin iqtisadi potensialı, müharibədən sonra yaranmış vəziyyət, azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinə dair həmsöhbətə məlumat verib. Azərbaycan ilə Braziliya arasında mümkün əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən iş adamları müxtəlif suallar verib və çıxışlar ediblər.
Səfir E.Poluxov ştatın qanunverici orqanının prezidenti, deputat Agostino Patrus ilə də görüşüb. A.Patrus müharibənin sona çatması ilə bağlı təbriklərini bildirib, ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib, bu istiqamətdə A.Anastasianın apardığı işlərdən xəbərdar olduğunu qeyd edib. Səfir Ermənistanın hərbi təcavüzünün ağır nəticələri, mülki əhalinin hədəfə alınması və ölkə rəhbərliyimizin bölgədə sülhün bərqərar olmasına dair mövqeyi barədə məlumat verib. Həmçinin səfir Ermənistanın atdığı addımlar haqqında məlumatları təqdim edərək, yerli qanunverici orqanın deputatlarının məlumatlandırılmasını həmsöhbətindən xahiş edib.
Görüşdə iştirak edən A.Anastasia müharibənin bitməsi ilə əlaqədar təbriklərini ifadə edərək, ölkəmizə səfər zamanı Azərbaycanın həqiqətən multikulturalizm və tolerantlıq məkanı olduğunu gördüyünü bildirib.
E.Poluxov Minas Gerais ştatının vitse-qubernatoru Paulo Brant ilə də görüşüb. O da səfiri müharibənin başa çatması ilə bağlı təbrik edib. Paulo Brant təmsil etdiyi ştatın Azərbaycanla yeni əlaqələrinin qurulmasına şad olduğunu bildirib və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu deyib. E.Poluxov Braziliya ilə Azərbaycan arasında sıx və faydalı əlaqələrin olduğunu, müxtəlif sahələrin – iqtisadi, mədəni, elmi və s. əhatə etdiyini bildirərək, Minas Gerais ştatı ilə eyni formada münasibətlər qurmağa maraqlı olduğumuzu diqqətə çatdırıb. Sonda həmsöhbətə ölkəmiz və münaqişə haqqında məlumatlar təqdim olunub. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz şücaət göstərib və onillərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyaraq Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə nail olub və bununla da müstəqilliyimizin ilk günlərindən ən ağrılı problemimizi həll edib.
Səfər çərçivəsində E.Poluxov, həmçinin yerli filarmoniya, ştatın federal universitetinin rəhbərliyi ilə görüşlər keçirib, yerli mətbuatda müsahibələr verib.